Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası “Happy Woman” forumunda təmsil olunur
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində “Happy Woman” forumu keçirilib. Ölkəmizi forumda Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva təmsil edib. Forum çərçivəsində təşkil olunan panel müzakirələrində çıxış edən assosasiya sədri ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən, qadın sahibkarlığına dövlət dəstəyindən, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının fəaliyyəti və gələcək planlarından danışıb. S. Babayeva bildirib ki, sahibkarlığın inkişafına respublikada həm siyasi, həm də dövlət qurumları tərəfindən böyük metodik dəstək göstərilir. Assosiasiyanın İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təsis olunduğunu xatırladan Səkinə Babayeva qadın sahibkarlara göstərilən siyasi, mənəvi, maliyyə dəstəyini xüsusilə qeyd edib.
“Son illər ölkəmizdə qadın sahibkarlığının inkişafına diqqətin artırılması bizi biraz daha qürurlandırır və həvəsləndirir. Hökumət qadın sahibkarlığının inkişafı məqsədilə konkret tədbirlər də nəzərdə tutub. Bu tədbirlər 2017-ci ildən başlayaraq 2025-ci ilə qədər davam etdiriləcək. dövlətin prioritet istiqamətlərindən biri ölkədə qadınların sosial, iqtisadi, ictimai-siyasi həyatda rolunun genişləndirilməsidir”- deyən Səkinə Babayeva AQSİA-nın fəaliyyətinə də toxunub. Bildirib ki, AQSİA fəaliyyətə başlayandan bugünə kimi 100-dən artıq mötəbər tədbir keçirib. Assosiasiya vasitəsilə “Üfüqdə yeni fürsətlər”, “Qadın sahibkarlığına dəstək”, “Xanımdan xanıma sülh”, “Əl əməyi - göz nuru” adlı tədbirlər reallaşıb, habelə maliyyə əlçatanlığını dəstəkləmək üçün banklarla danışıqlar aparılıb.
“Assosasiyamızın təsisindən sonra qarşımıza bir sıra məqsədlər qoymuşduq. Bu məqsədlərdən başlıcası qadın sahibkarlara kömək etmək, işgüzar xanımları nümunə kimi təşviq edərək qadınların özəl sektorda fəaliyyətini gücləndirməkdir. Biz, yorulmadan çalışırıq...və bildirmək istəyirəm ki, yorulmağa haqqımız belə yoxdur. Çünki, bizim üçün dövlətimiz tərəfindən yaradılan imkanlar olduqca yüksəkdir və bizə göstərilən diqqət, qayğı motivasiya üçün bir mayak rolunu oynayır.Demək istəyirəm ki, həyata keçirdiyimiz layihələr, bu işlər, işdən çox bizim həyat tərzimizə çevrilib” – deyə Assosasiya sədri bildirib.
Yorumlar
Yorum Gönder