"Caspian European Club"un Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədovun iştirakı ilə təşkil etdiyi biznes-forumda Azərbaycanda biznesin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.
Forumda Azərbaycanda Qadın sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva və Bakı Tekstil Fabriki MMC-nin icraçı direktoru Elçin Babayev də iştirak edib.
Biznes-forumda çıxış edən O.Məmmədov iştirakçıları maraqlandıran sualları cavablandırıb, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi tapşırıqların icrası istiqamətində agentliyin həyata keçirdiyi layihələr barədə məlumat verib.
Qeyd edib ki, agentlik tərəfindən hazırda yaradılmaqda olan “KOB Dostu” şəbəkəsinin, sahibkarların dövlət xidmətlərinə rahat çıxışının təmin edilməsi, KOBİA-nın çoxsaylı dəstəklərinin, biznesdən biznesə xidmətlərin vahid məkanda təşkili ilə bağlı KOB evlərinin təşkili istiqamətində aktiv iş aparılır. Hazırda 12 “KOB Dostu” fəaliyyət göstərir, ilk KOB evinin bu il Bakıda fəaliyyətə başlaması nəzərdə tutulur. KOB klasterlərin təşkili və fəaliyyətinin stimullaşdırılması, daxili bazar araşdırmaları və KOB-ların kadr potensialının artırılması üçün dəstək, sahibkarların hüquqları ilə bağlı onlineportalın yaradılması, KOB-ların inkişafı ilə əlaqədar təhsil, elm və tədqiqat layihələrinin maliyyələşdirilməsi kimi mexanizmlər də hazırda işlənir. Agentliyin fəaliyyətinin mühüm istiqamətlərindən biri də müvafiq sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və bu prosesdə KOBİA olaraq KOB maraqları baxımından çıxış etməkdir. Agentliyin təklifləri əsasında “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun layihəsi hazırlanıb, Vergi Məcəlləsinə KOB-lar üçün bir sıra yeni güzəştləri nəzərdə tutan dəyişikliklər edilib, KOB-ların müəyyənləşdirilməsi üçün yeni meyarlar təsdiq olunub, kommunal xidmətlərə qoşulma prosedurları sadələşdirilib, dövlət satınalmaları haqqında qanunvericiliyə mütərəqqi dəyişikliklər olunub.
Sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədrinin birinci müavini Natiq Həsənov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) idarə heyətinin sədri Səkinə Babayeva, "Bakı Tekstil Fabriki" MMC-nin sədr müavini Elçin Babayev təqdimatlarla çıxış ediblər. Ondan əlavə, biznes-forumda “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov və "Caspian European Club"un idarə heyətinin üzvü, "Times Consulting" şirkətinin təsisçisi Elqar Bağırov çıxış ediblər.
"Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı klub üzvlərinin səsləndirdikləri təklif və xahişlərə göstərilən diqqətə görə Orxan Məmmədova minnətdarlığını bildirib. O.Məmmədova "Caspian European Club"un fəxri üzvlük sertifikatı təqdim olunub. "Caspian European Club"un yeni və hazırkı üzv şirkətlərinə də sertifikatlar verilib.
Forum çərçivəsində “Cahan Holdinq” və "Caspian European Club"un arasında əməkdaşlıq barədə memorandum imzalanıb.
Yorumlar
Yorum Gönder